İnkişaf istiqamətimizi yenilədik

İnkişaf istiqamətimizi yenilədik

Ümumi baxış

        9-16 aprel tarixlərində platformaya dair keçirilmiş istifadəçi sorğusunun nəticələrini nəzərdən keçirdik və müfaviq qərarlar qəbul etdik. Əvvəl qeyd olunduğu kimi, sorğunun əsas məqsədi oxucu və müəllif təcrübəsini anlamaq, mövcud güclü/zəif nöqtələri müəyyənləşdirmək və inkişaf sahələrini prioritetləşdirmək idi.

Əsas göstəricilər

Naviqasiya və dizayn

  • 87% iştirakçı platformada naviqasiyanı “4–5” aralığında qiymətləndirib.
  • 82% dizayn cəlbediciliyini yüksək qiymətləndirib.

Texniki sabitlik və məzmun

  • 93% iştirakçı texniki problemlərlə “heç vaxt” və ya “nadirən” qarşılaşdığını qeyd edib.
  • 89% iştirakçı şrift, səhifənin yüklənməsi və oxuma təcrübəsindən razıdır.
  • 75% iştirakçı platformada dərc edilən məqalələrin ümumi keyfiyyətini “4-5”  aralığında qiymətləndirib.
  • Üstünlük verilən kateqoriyalar: Təhsil, Texnologiya və Biznes.

İcma və istifadəçilər

  • İştirakçıların 73%-i platformada digər müəllifləri izləyir.
  • 67% gündəlik, 25% həftədə bir neçə dəfə platformaya daxil olur.
  • 84% iştirakçı platformanı “çox yüksək” və “yüksək ehtimalla” tövsiyə edəcəyini qeyd edib.
  • Müəllif təcrübəsinə dair 80% iştirakçı, məqalə dərc etmə prosesindən, 85% təqdim olunan analitikadan razıdır.

Qərarlar

        Sorğunun nəticələrinə əsaslanaraq, platformanın zəif və güclü tərəfləri təhlil edilmiş və konkret inkişaf addımları müəyyənləşdirilmişdir. 

Məzmun keyfiyyətinin artırılması

        Platformada yerləşdirilən məqalələrin həm keyfiyyət, həm də kəmiyyət baxımından artımını təmin etmək üçün 2025-ci ilin ikinci rübünün ortasından başlayaraq bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində aktiv müəlliflərə dəstək, məzmun yönümlü kampaniyalar və təşviq mexanizmləri nəzərdə tutulur. Məqsəd, Poscrib üzərində mütəmadi olaraq dəyərli və yüksək keyfiyyətli məqalələrin dərc olunmasını stimullaşdırmaqdır.

Mobil tətbiq

        Poscrib-in eyniadlı mobil tətbiqinin 2025-ci ilin üçüncü rübünün sonuna qədər sabit və tam funksional şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Texniki uyğunluğu təmin etmək üçün tətbiq ilkin olaraq Google Play platformasında təqdim olunacaq, daha sonra isə App Store-da əlçatan olacaq. Rəsmi təqdimatdan bir ay sonra istifadəçi təcrübəsini və məmnunluğunu ölçmək məqsədilə xüsusi sorğu keçiriləcək. Sorğuda iştirak etmək imkanı yalnız tətbiqdən istifadə edənlərə təqdim ediləcək.

Ödənişli abunəliklər

        2025-ci ilin fevral ayından inkişafına başlanılmış ödənişli abunəliklər sistemi cari ilin ikinci rübünün sonunadək tam sabit rejimdə istifadəyə veriləcək. Bu xüsusiyyət, müəlliflərə öz məqalələri üzərindən qazanc əldə etmək imkanı yaradacaq. Qeyd etmək istərdim ki, abunəlik funksiyasından istifadə etmək istəyən müəlliflərin mütləq şəkildə VÖEN-ə sahib olmaları tələb olunur. Bu tələb, hüquqi və maliyyə şəffaflığını təmin etmək məqsədini daşıyır.

Sual-Cavab bölməsi

        Platformada istifadəçilər arasında bilik mübadiləsini artırmaq məqsədilə cari ilin dördüncü rübünün sonunadək interaktiv Sual-Cavab bölməsini istifadəyə verməyi planlaşdırırıq. Bu bölmə vasitəsilə istifadəçilər öz suallarını ünvanlaya və digər istifadəçilərin suallarına cavablaya biləcəklər. Yüksək reytinqli suallar və cavablar önə çıxarılacaq.

İş və təcrübə elanları

        Peşəkar inkişafı dəstəkləmək üçün platformaya iş və təcrübə elanları bölməsi əlavə olunacaq. Bu bölmədə istifadəçilər şirkətlərin və təşkilatların təklif etdiyi iş imkanları, təcrübə proqramları və könüllü fəaliyyətlər barədə elanlara baxa biləcəklər. Müəlliflər və oxucular üçün həm karyera inkişafı, həm də şəbəkələşmə imkanları yaradılacaq. İlkin proqnoza əsasən bu xüsusiyyətin istifadəyə verilməsi 2026-cı ilin birinci-ikinci rüblərinə nəzərdə tutulub.

İstifadəçi hesablarının silinməsi

        Platformanın ümumi aktivliyini daim artırmaq məqsədilə son 1 il ərzində daxil olmayan və heç bir məzmun paylaşmayan istifadəçilərin hesabları birdəfəlik silinəcək. Bu yanaşma bu tip digər platformalarda da tətbiq olunan praktikaya uyğundur və daha sağlam, aktiv istifadəçi ekosisteminin formalaşmasına xidmət edir.

Hədəf

        Yuxarıda qeyd olunan qərarlar istifadəçilərdən toplanmış məlumatlara əsaslanaraq hazırlanmış və platformanın inkişafına dair ümumi hədəfi əks etdirir. Hədəf təkcə texniki funksionallığın deyil, eyni zamanda dəyər əsaslı və peşəkar icmanın qurulmasını təmin etməkdir. Keyfiyyətli məzmunun təşviqi, mobil istifadə rahatlığının artırılması, müəlliflər üçün qazanc imkanlarının yaradılması və bilik mübadiləsinin genişləndirilməsi bu hədəfin əsas sütunlarını təşkil edir.

        Sonda, sorğuda iştirak etdiyiniz üçün komandanın adından təşəkkür bildirirəm. Eyni zamanda, platformanın inkişafı naminə fikirlərinizi və təkliflərinizi mütamadi olaraq bizimlə bölüşməkdən çəkinməməyinizi xahiş edirəm. Rəyiniz bizim üçün dəyərlidir və Poscrib-in daha faydalı və istifadəyə yararlı olması üçün vacib rol oynayır.

4
Şərhlər