Poscrib-də son yeniliklər: Yeni dizayn, kateqoriyalar və nəşriyyatlar
Son həftələrdə komandamız platformanı daha çevik və istifadəçi-yönümlü etmək üçün çalışırdı. İndi həmin yenilikləri sizinlə paylaşmağın vaxtıdır. Aşağıda qeyd etdiyimiz dəyişikliklər artıq aktivdir və elə indicə onları sınaqdan keçirə bilərsiniz.
Nəşriyyatlar və abunəliklər
Öz brendinizi qurmaq və ya inkişaf etdirmək istəyirsinizsə, Nəşriyyat yaradın, Epoint.az hesabınızı əlaqələndirin və xüsusi məzmun paylaşmaqla abunəçilərinizin sayını artırın. Sistem sabitdir, ödənişlər avtomatik şəkildə həyata keçirilir.
İnteraktiv və müasir dizayn
Yeni dizayn yalnız görünüş deyil, məzmunla ünsiyyət tərzini də dəyişir. Paylaşım üzrə əməliyyatlara birbaşa lentin daxilində yerinə yetirmək mümkündür. Bu kiçik xüsusiyyət, bizə gələcəkdə qısa paylaşımlar, video və podkast kimi yeni məzmun növlərini əlavə etməyə imkan verir. Lent daha yığcamdır, əsas yeniliklər və məqalələr diqqət mərkəzinə çıxır, yayındırıcı elementlər minimuma endirilib.
Daha zəngin kateqoriya kitabxanası
Məqalə dərc edərkən “alt-kateqoriya” hissəsini xatırlayırsınız? Artıq yoxdur. Alt-kateqoriyalar əsas kateqoriyalara birləşdi. Eyni anda bir neçə kateqoriyanı seçmək mümkündür. Kitabxananın özü də böyüdü: ümumi kateqoriyaların sayı artırıldı. Bütün kateqoriyaları buradan kəşf edə bilərsiniz. Hər kateqoriyanı ayrıca izləmək imkanı tətbiq edildi. Yeniliklər birbaşa şəxsi lentinizdə əks olunacaq.
Gecə/gündüz
Platformanın görünüşünü tənzimləyən gecə/gündüz xüsusiyyəti artıq aktivdir. Sadəcə Üstünlüklər bölməsinə keçid edərək istəyinizə uyğun görünüşü seçə bilərsiniz. Seçiminiz, platformaya daxil olduğunuz bütün digər cihazlarınızda tətbiq ediləcək.
Kölgədə qalanlardan
Kod bazasında və server əməliyyatlarında xırda, lakin təsir edən təkmilləşdirmələr etdik. Səhifələrin yüklənmə vaxtı azaldı, dərc etmə prosesi sürətləndi. Bunları ayrıca sadalamırıq, sadəcə platformada gəzişərkən sürəti hiss edəcəksiniz.
Növbəti addımlar
Mobil tətbiqin tamamlama mərhələsindəyik. Çox gecikmədən bu rübün sonuna rəsmi buraxılış etməyi planlaşdırırıq. Hesab və ödəniş əməliyyatları üzrə təhlükəsizlik vasitələrini daha da gücləndirməyə çalışırıq. İstifadəçi rəylərini dinləməyə və platformanı təkmilləşdirməyə davam edəcəyik.
Bəyənin, şərh yazın, kateqoriyaları izləyin, “gündüz” görünüşünü sınayın və fikirlərinizi bizimlə bölüşün - çünki platformanı sizin üçün və sizinlə birlikdə qururuq.
Uğurlar!